Teatr
sənəti insanlarda müxtəlif hisslər doğurur. İnsanları
sevindirmək, düşündürmək, ürəkdən güldürmək, onlarda
xeyirhaqlığa və gözəlliyə məhəbbət oyatmaq – bundan
böyük sevinc, bundan böyük səadət olarmı?! Lakin
bu səadət asanlıqla başa gəlmir. Səhnə oraya hər
qədəm basana sevinc paylamır. Aktyor populyarlığı,
tamaşaçı məhəbbəti gərgin zəhmətə qatlaşmaqla,
özünü unudub yalnız sənət üçün yaşamağı bacarmaqla
qazanılır.
Qüdrətli gülüş ustası, Azərbaycan səhnəsinin parlaq
ulduzu, xalqımızın sevimli sənətkarı Nəsibə Zeynalovanın
həyat və yaradıcılığı bu cəhətdən çox qiymətli
və təqdirəlayiqdır.
Geniş diapazona, əlvan xarakter xüsusiyyətlərinə,
təbii yumor gücünə malik Nəsibə Zeynalovaya tale
əsl səhnə ustası üçün lazım olan bütün keyfiyyətləri
bəxş etmişdi. Onda tükənməz istedadla uyarlı ustalıq
da, heç kəsə bənzəməyən bacarığı ilə bağlı əvəzsiz
peşəkarlıq da var idi. Ş. Qurbanov adına Azərbaycan
Dövlət Musiqili Komediya Teatrının səhnəsində
onun keçirdiyi 60 ildən çox yaradıcılıq ömrü –
bütün həyatını, varlığını doğma mədəniyyətimizin
inkişafına, tərəqqisinə verməyin, milli incəsənətə,
xalqa sədaqətlə xidmət etməyin ən bariz nümunəsidir.
Məhz buna görə də Nəsibə Zeynalovanın adı haqlı
olaraq milli səhnəmizin görkəmli korifeyləri ilə
bir sırada çəkilir.
Bu gözəl aktrisa və xanımın çox qəribə həyatı
var idi. Demək olar ki, Nəsibə Zeynalova, anadan
artist doğulmuşdu. Onun barəsində danışmaq, musiqili
komediya teatrımızdan söhbət açmaq deməkdir.
Öz səhnə fəaliyyətinə Azərbaycan filarmoniyasında
başlayan Nəsibə xanım sonradan estradaya maraq
göstərdi. Çox keçmədən Musiqili Komediya Teatrının
truppasına qəbul edildi. Uzun illər gənclik ilhamı
ilə canlandırdığı bir-birinə bənzəməyən parlaq
obrazlar səhnəmizin qiymətli inciləridir və hər
dəfə efirdə maraqla böyük marağa səbəb olur.
Milli Teatrımızda göstərdiyi əvəzsiz xidmətlərlə
bərabər, tamaşaçılar Nəsibə Zeynalovanı istedadlı
kinoaktrisa kimi də tanıyırlar. Bədii filmlərdə
yaratdığı bir sıra obraz “Azərbaycanfilm” kinostudiyasının
qızıl fonduna daxil edilib.
Böyük sənətkarın, yaratdığı obrazlar hər dəfə
ekranda canlanarkən bütün tamaşaçılar kimi aktyor
dostları da dərin sevinc içərisində olurlar, çünki
onunla nə vaxtsa bir səhnədə çıxış etdiklərini
böyük bir səadət hesab edirlər.
Azərbaycanın xalq artisti, müxtəlif dövlət mükafatlarına
layiq görülmüş Nəsibə Zeynalova üçün ən böyük
mükafat – tamaşaçı sevinci, tamaşaçı alqışı idi.
