27-28 aprel 2006-ci il. «Paritet»
qazeti.
Nəsibə
Zeynalovanın xatirə günü
Nəsibə Cahangirqızı sənətkara biganə münasibətdən
gileyləndi
O
əbədi yaşamaq haqqını lap cavanlığından qazana
bilmişdi. Təsadüfi deyil ki, Azərbaycan Musiqili
Kamediya Teatrı bu nəhəng aktrisadan sonra hələ
də qadın sənətkarlığı istiqamətində tam ciddi
bir addım ata bilməyib. Nəsibə xanımın doqquz
il əvvəl teatrdan, iki il əvvəl isə sıramızdan
ayrılmasına baxmayaraq səhnəni öz ecazkar oyununun,
qeyri-adi jestlərinin, dadlı-duzlu, eyni zamanda
dərin mətləblərə açar olan atmacalarının təsirində
saxlayıb.
Milli
qadın obrazlarını onun qədər dəqiq, onun qədər
inandırıcı, onun qədər canlı ifa etmək mümkünsüzdür.
Onlarla obrazını diqqətlə izləsək və araşdırsaq,
Nəsibə xanımın adi bir sözünün belə təsadüfi olmadığının
və ümumi sənətkarlıq xüsusiyyətlərini tamamladığının
şahidi olarıq. O, tamaşaçını inandırmaq qabiliyyətinə
malik idi. Xoşa gəlmək və kimisə güldürmək üçün
əldən-ayaqdan getməzdi. Sadəcə, səhnədə yaşayırdı.
Yaşadıqca əbədiyaşar bir sənətin təşəkkülünə imza
atır, ölməz bir ifanı tarixin ixtiyarına verirdi.
Biz onun ifasında mənfi qəhrəmanları da çox sevirik.
Ona görə sevirik ki, o qəhrəmanlar biz özümüzük,
bizim yaxınlarımız, əzizlərimizdir. Əlbəttə, Nəsibə
xanımın məhşur obrazlarını ayrı-ayrılıqda təhlil
etsək, bizə uzun zaman gərək olar. Sadəcə, bir
fakta nəzər yetirmək kifayətdir. Biz Nəsibə xanımdan
heç vaxt keçmiş zamanda danışa bilmirik. Bilməyəcəyik
də... Çünki, nə qədər ki, Azərbaycan kinosu var,
nə qədər ki, bu dil, bu mədəniyyət var, Nəsibə
xanım da var. Bizimlə yaşayır, hiss edir, gülür,
güldürür və düşündürür.
Bu
onun 90 illiyi münasibətilə keçirilən tədbirdə
qeyd olundu. Yubiley tədbirlərin keçirilməsi bir
həftədir ki, silsilə xarakteri alıb. Sonuncu dəfə
Film Fondda Nəsibə xanımın xatirə günü keçirildi.
Tədbirdə onun yaxınları və onunla birgə çalışmış
iş yoldaşları da qonaq olmuşdu. Tədbirin təşkilatçısı
Film Fondun direktoru Məmməd Dostəliyev və kinotənqidçi
Aydın Kazımzadə giriş sözü ilə açdılar. A.Kazımzadənin
sözlərinə görə, indiki dövrdə hərə özünə bir primadonna,
kral kimi qondarma ad qoyur. Nəsibə xanım isə
əsl El anası idi: «Uzun illər böyük sənətkarların
yaradıcılığında familiya, təvəllüd ilə bağlı anlaşılmazlıq
olur. Bu fakt Nəsibə xanıma da şamil edilə bilər.
Çünki onun şəxsiyyət vəsiqəsindəki təvəllüd 1916-ci
ildir. Amma keçmiş sovet ensklapediyasında 1917-ci
il yazılıb. Bu cür səhvlər gələcək nəsillərə ötürülür.
Bu halları aradan qaldırmaq lazımdır. Hazırda
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində kino
işləri şöbəsi 10 ilə yaxındır Milli Ensklapediyanın
2-ci mərhələsi üzərində iş gedir. Amma rəsmi olaraq
Nəsibə xanımın yubileyi gələn il dövlət səviyyəsində
qeyd olunacaq». Sonra A.Kazımzadə Nəsibə xanımdan
vaxtıkən aldığı müsahibəni xatırladı: «Ona yaradıcılıq
fəaliyyətinə nə zaman başlamısınız deyə müraciət
etdikdə belə cavab verdi. –Mən ilk dəfə yaradıcılığıma
1936-cı ildə Şəmsi Bədəlbəylinin köməyi ilə Filarmoniyada
Rəqs ansanblında başlamışam. Günlərin bir günü
qrup Moskva dekadasına yollananda qrupdan kənarlaşdırıldım.
İlk zərbəni elə o zaman aldım». «Qaynana» filmindəki
gəlin obrazının ifaçısı Tamilla Əhmədova filmin
çəkilişi haqqında danışıb ən xoşbəxt günlərin
o dövrə təsadüf etdiyini qeyd etdi: «Deyirlər
əvəzolunmaz sənəkar yoxdur, lakin o həqiqətən
də əvəzolunmazdır. Onunla birgə işləmək məsuliyyətli
olduğu qədər də yüngül idi». Aktyor Qorxmaz Əlili
də Nəsibə xanıma qarşı son illər Musiqili Komediya
Teatrındakı laqeyid münasibətdən şikayətləndi.
Sonda sənətkarın nəvəsi Nəsibə Cahangirqızı da
sənətkara qarşı biganə münasibətdən gileyləndi:
«Nəsibə xanımın axırıncı günə kimi ayaqlarına
güc gəlsəydi, o səhnəyə çıxmağa hazır idi. Lakin
onun üçün yazılan səhnə əsərləri yox idi. Bizim
ölkəmizdə yaşlı nəslin nümayəndələrinin qədri
bilinmir. Moskvada şikəst sənətkarlar üçün də
ssenarilər yazılır, filmə çəkilir. Nəsibə xanımın
ürəyində dramatik rol oynamaq arzusu qalmışdı.
Əfsuslar olsun ki, aktrisaya axırıncı günə kimi
belə rol tapşırılmadı».
Nəsibə
xanımın bütün obrazları gözəl idi. Onun «Ögey
ana», «Böyük dayaq», «Bizim Cəbiş müəllim», «Qanun
naminə», «Bəyin oğurlanması», «Danabaş kəndinin
əhvalatları», «Ulduz», «Yuxu» filmlərindəki obrazlarının
hansının daha yaddaqalan olduğunu deyə bilmərik.
Baxmayaraq ki, hamısı da epizodikdir, ya da ikinci
dərəcəli... Nəsibə Zeynalova teatr kimi kinoya
da səmimi gülüş gətirdi və kinoda da əbədi yaşamaq
haqqını qazandı.
Allah sənə rəhmət eləsin.